1500-dən çox alimdən ibarət beynəlxalq qrup müəyyən edib ki, dünyada piylənmədən əziyyət çəkənlərin ümumi sayı 1 milyardı keçib.
Bu baxımdan həkim-diyetoloqlar kökəlmənin qarşısını almaqla yanaşı, həm də arıqlamaq üçün bir çox qidaları məsləhət görürlər. Onlardan biri də orqanizmi artıq piylərdən təmizləyən smuzi kokteylidir. Smuzi müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyldir. Hazırda bütün dünyada ən dəbli duru qida növüdür.
Bu kokteyl sağlam, faydalı və diyetik qida sayılır. Təbii şirələrlə müqayisədə smuzinin çoxlu üstünlükləri var. Onun hazırlanması zamanı meyvə və ya tərəvəz tam şəkildə istifadə olunur. Bu isə o deməkdir ki, bütün faydalı vitamin və mikroelementlər saxlanılır.