2023-cü il oktyabrın 12-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Məlum olur ki, cinayət hadisəsi Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə baş verib.
Otaqda, boğaz nahiyəsində boğulmağa xarakterik və digər xəsarət izləri ilə 2003-cü il təvəllüdlü İlahə Kərimovanın meyiti aşkarlanıb. 40-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədən 2004-cü il təvəllüdlü Həsən Kərimov saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 12-si saat 23 radələrində yaşadıqları evdə İlahə Kərimova mobil telefonla danışan anası Brilyant İmanovanı təhqir edib. Qız bildirib ki, o, növbəti günlərdə Ağcabədi rayonunda baş tutacaq toy məclisində iştirak etməyəcək. Həsən Kərimov bacısına yaxınlaşıb, irad bildirərək ondan sakitləşməsini tələb edib. Amma İlahə Kərimova əksinə, qardaşının ünvanına da nalayiq ifadələr işlədib. Üzünü cırmaqlayıb, onun dodağına, boynuna və sinəsinə xəsarətlər yetirib. Həsən Kərimov bacısının hərəkətlərindən qəzəblənərək, onu öldürməyi düşünüb. Beləcə o, İlahənin bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq, başını döşəməyə çırpıb.
Bacısının ölmədiyini görüb, digər otaqdakı şkafdan idman çantasının kəmərini götürüb. İlahə qardaşının otağa daxil olmasının qarşısını almaqdan ötrü qapını örtməyə çalışsa da, Həsən onun müqavimətini qırıb içəri girib. Anasının yalvarışına məhəl qoymayaraq, onun gözləri qarşısında kəməri bacısının boynuna dolayıb, özünə doğru dartıb və 3-4 dəqiqə sıxaraq, saxlayıb. Nəticədə, gənc qız ölüb.
İş üzrə dindirilmiş Həsən Kərimov bildirib ki, Ağdam şəhərində anadan olub. Anası və bacısı ilə Bakıda, Sulutəpə qəsəbəsində yaşayıb:
"İlahə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alırdı. Mütəmadi evdə bizimlə ailə-məişət zəminində münaqişələr yaradıb. Bununla əlaqədar anam dəfələrlə "102" xidmətinə zəng edib, məlumat verib".