Emilya Tağıyeva yazır...
"Ərim ultimatum verdi: "Ya mən, ya "ChatGPT!"
Sosial şəbəkədə bu statusu oxuyanda əvvəlcə gülümsədim, zarafat sandım. Amma şərhləri oxuyanda vəziyyət ciddiləşdi, anladım ki, bu, zarafat deyil, dövrün gerçəkliyidir.
Çünki çoxları uzun zamandır, dərdlərini, düşüncələrini, hisslərini insanlara yox, süni intellektə danışdıqlarını yazmışdılar. Hətta "ChatGPT" ilə yazışmalarının şəkillərini paylaşanlar da vardı. Bu söhbətlərdə nələr yox idi - sevgi etirafları, qısqanclıqlar, nazlanmalar, küsüşmələr, barışmalar, məsləhətlər...
Şərhlərin birində isə status sahibinə qəribə bir tövsiyə verilmişdi: "Ərin səni dinləsəydi, sən niyə telefonla dərdləşəydin ki? "ChatGPT"ni seç!"
Yarızarafat deyilən bu cümlə düşündürücüdür. İnsanları ekrana çəkən təkcə texnologiyanın rahatlığı və ya aludəçilik deyil. Bu, anlaşılmaq istəyinin, dinlənilmək ehtiyacının modern dövrdəki təzahürüdür.
Tənhalıq formasını dəyişib - insanlar insanların içində təkdirlər və ən ağır dərdlərini, ən dərin hisslərini kodlara danışırlar. Axı insan-insan münasibətləri risklidir - anlaşılmamaq, rədd edilmək, incimək qorxusu daşıyır. Ona görə də insanlar ekrana baxır və səssizcə soruşurlar: "Məni anlayan varmı?" Cavab gecikmədən ekrandan gəlir - "qarşı tərəf" soruşur, dinləyir, mühakimə etmir, qınamır, tərk etmir...
Bəli, süni intellekt bir körpü - müvəqqəti də olsa, rahatlıq verən vasitədir. Bəzən bir maşının cavabı real insanın soyuq münasibətindən, bir "bəli" sözü isə sonsuz susqunluqdan daha doğma gəlir.
Amma unutmayaq ki, heç bir kod, heç bir cavab isti bir baxışın, səssiz bir "səni anlayıram" sözünün yerini tuta bilməz. Axı insan ruhu toxunuşa, nəfəsə, baxışa, anlayışa ehtiyac duyur. İnsanı insan edən - səhvlərin, anlaşılmazlıqların, incimələrin arasından doğan bağlardır. İnsanlar bir-birini zəiflikləri ilə qəbul etdikcə münasibətlər həqiqiləşir.