Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı məlum olub. Onun ifadəsindən məlum olub ki, 26 ildir bu cinayətin qisası ilə yaşayırmış. Pravda.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə 2023-cü il oktyabrın 28-də baş verib.
Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüblər.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib. O, vəfat edən Susananın həyat yoldaşı olub.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşfiq ifadəsində bu cinayətə necə hazırlaşdığını danışıb.
Hadisəni törədən zaman 36 yaşı olan Müşfiq deyib ki, 10 yaşı olanda qonşuları Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə, Anar onu zorlamağa cəhd edib.
Anarın əlindən qaçmağı bacardığını deyən Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını söyləyib:
"Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam. Uşaq vaxtı da dəfələrlə Anarın üzünə "kislota" tökmək istəmişəm. Həmin "kislota" hələ də evdədir. Amma Anarı tək tuta bilmədim. Bunun üçün gücüm də yox idi".
Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib:
"Həmişə şərəflə yaşamışam. Amma 26 il sonra dözə bilmədim. Barıt, benzin aldım. Anargilin evində kamera olduğunu bilirdim. İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi. Qonaq da olsa, sağ adam buraxmayacaqdım".
Müşfiq əvvəlcə partlayış və yanğını törədib. Sonra qapının qarşısında dayanıb və evdən çıxan şəxsləri öldürməyə başlayıb:
"Bütün kəmərim patronla dolu idi. Patronlar da, silah da mənə atamdan qalmışdı. Birinci Susananı vurdum. Arxasınca Serkan gəldi. Sonra da Dağbəyini vurdum".