Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Həmçinin tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycanda akkreditə olunmuş digər ölkələrin səfirləri, Azərbaycanın ictimai-siyasi xadimləri iştirak ediblər.
ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan bu tarixi əhəmiyyətli tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Sonra tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib: “Bu gün biz burada, ICESCO-nun yeni regional ofisinin açılışını qeyd edirik, uzun müddətdir arzuladığımız bir xəyala nəfəs veririk. Bu, əlaqələr qurmaq, əməkdaşlıq etmək arzusu və müdriklik, bilik və ortaq məqsədlə qurulmuş gələcəklə bağlı bir xəyaldır. Burada - əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olacaq regional ofisin açılışında iştirak edirik”.
Bu regional ofisin Azərbaycana və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərəcəyini, regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəyini vurğulayan Salim bin Məhəmməd əl-Maliki deyib: “Əziz dostlar, bu nailiyyət heç də təsadüfən əldə edilməyib. Bu, həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı sadiqliyin bəhrəsidir. Parlaq müdrikliyi və biliyin qüdrətinə olan dərin inamı hamımız üçün bir işıq kimi saçan lider, Zati-aliləri Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk. Onun davamlı dəstəyi bu baxışı reallaşdırıb. Həmçinin Zati-aliləri, ICESCO-nun xoşməramlı səfiri, təhsilə, mədəniyyətə və insanlığa olan sevgisi ilə bu layihənin reallaşmasına təkan verən Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığımızı bildiririk.