Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclasda çıxış edən Kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin son dövrlərdə həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib, görülən işlərin ölkədə hüquqi yardım sisteminin inkişafına və vəkillik institutunun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Sədr dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi müsbət addım kimi yüksək qiymətləndirib. Sədr bu qərarın vəkillərin sosial təminatının yaxşılaşdırılmasına, onların peşəkar fəaliyyətlərinin stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Eyni zamanda Anar Bağırov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tövsiyələrin icrası məqsədilə ARVK tərəfindən son illərdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Sərəncam çərçivəsində regionlarda yeni vəkil qurumlarının yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi, vəkillərin sosial təminatının yaxşılaşdırılması, vətəndaşların hüquqi yardıma çıxış imkanlarının artırılması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu tədbirlər nəticəsində vəkillərin sayı son illərdə 3 dəfədən çox artıb, vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin olunması istiqamətində mühüm irəliləyişlər əldə olunub.