Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb.
Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
İstintaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsinə, bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Muhuma Qudayevə isə həmin Məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.