Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın və qardaşı Qriqori İşxanyanın 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlı kəndində fermanın atəşə tutulmasında, mülki azərbaycanlı əhalinin qətlə yetirilməsinə iştirakını sübuta yetirən sənəd tədqiq olunub.
Pravda.az xəbər verir ki, prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic,İşxaniyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduğunu bildirib və əlavə edib: “Bütün bunlara başçılıq eləyən Valodiya Xaçaturyan idi”.