Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin həbs müddəti daha 5 ay uzadılması diqqət çəkib. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə bu barədə təqdimat verib. Təqdimatda əlavə sübutların toplanması üçün istintaq orqanına kifayət qədər vaxt verilməsi, təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması xahiş edilib.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, İ.Mustafayevin həbsdə saxlama müddəti 5 ay artırılıb. Yada salaq ki, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Hesablama Palatasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətdən sonra həbs edilmişdi.
İbtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı geniş istintaqla isə ziyanın 2 milyondan bir qədər çox olması təsdiqini tapıb.
Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.