Yaz-yay ayları əksər cütlüklər üçün toy mövsümü sayılır. Bu dövrdə bəy və gəlinlər öz unudulmaz günlərini daha da xüsusi etmək məqsədilə avtomobil icarəsi və bəzədilməsi xidmətlərinə üstünlük verirlər. Bəzədilmiş avtomobillər yalnız cütlüyə xoş xatirələr yaşatmaqla kifayətlənmir, həm də toyun ümumi atmosferini tamamlayan əsas elementlərdən birinə çevrilir.
Pravda.az "Xəzər Xəbər"ə istinadla bildirir ki, avtomobil icarəsi və bəzədilməsi xidmətlərinin qiymətləri geniş aralıqda dəyişir. İcarə haqqı 100 manatdan başlayaraq, seçilən avtomobilin markası, modeli və məsafəyə görə 1 500 manata qədər yüksələ bilir. Məsələn, 4 maşınlıq kortej sifariş edildikdə, qiymətlər ən azı 700 manatdan başlayır.
Bəzək xidmətləri də paketdən asılı olaraq fərqlənir. Əgər avtomobil xidmət göstərən şirkət tərəfindən təqdim olunursa, bəzədilməsi də onların tərəfindən həyata keçirilir. Bu bəzəklər 30-50 manat aralığında dəyişir. Əlavə olaraq, istifadə olunan güllərin növü də qiymətə təsir edir. Süni güllər daha ucuz olduğu halda, təbii güllərlə bəzədilmiş avtomobillərin dekorasiyası 100-200 manat arasında dəyişir. Gül kompozisiyalarının qiyməti onların növü, sayı və ölçüsündən asılıdır. Məsələn, ağ güllərlə edilən bəzəklər digərlərindən daha bahalı olur.