“Müğənnilər 190 manatı da ala bilmədilər, bəs necə yaşasınlar?!”

Əvvəllər iki gəncin ailə qurmasına valideynlər, maddiyyat mane olurdu. İndiki dövrdə isə buna koronavirus pandemiyası imkan vermir. Bu öldürücü infeksiyaya görə toylar, şənliklər, kütləvi yığıncaqlar üzərindəki qadağa aktuallığını qoruyur. Gəliri toy, büsatdan, şənliklərdən çıxan müğənnilər və digər vətəndaşlar maddi sıxıntı yaşayır. Hələ pandemiyanın ölkəmizə yeni-yeni ayaq açdığı günlərdə, xalqa səslənərək məsləhətlər verən, evdə qalmaqlarını istəyən sənətçilərin səbrləri tükənib. İndi əksinə özləri karantin rejimi səbəbindən yaranan işszilikdən gileylənirlər. Bəs karantin rejimi tətbiq olunmağa davam etsə, şou-biznes cameəsinin vəziyyəti necə olacaq?

 

Sualımıza cavab tapmaq məqsədilə “Yeni yazarlar və sənətçilər ictimai birliyi”nin sədri, “İctimai nəzarət koalisiyası”nın baş katibi Aydın Xan Əbilovla əlaqə saxladıq.  O, “Sherg.az”a bildirib ki, incəsənət adamlarının pandemiya dövründə xalqa müraciət etmələri müsbət haldır:

 

“Bununla yanaşı, dövlət qurumlarının, vətəndaşların səsinə səs verərək sosial yardımlar etdilər. Uşaqlar evinə, qocalara baş çəkdilər. Cəmiyyətimizdə müğənnilər və şou-biznes haqqında mənfi düşüncə tərzi var. Amma iqtisadi, mədəniyyət baxımdan fəaliyyətlərinə qiymət verəndə, mənfi tərəflərlə yanaşı müsbətlərini də dəyərləndirməliyik.

 

Toy Azərbaycan milli-siyasi biznesinin böyük sahəsidir. Həm də mədəniyyət və sosial-məişət hadisəsi olaraq tariximizin bir hissəsidir. Bununda əsasında şadlıq evləri ilə yanaşı incəsənət xadimləri, xüsusilə də müğənnilər durur. Ölkəmizdə böyük zallarda günlərlə konsert verən müğənnilərimiz yoxdur. ABŞ kimi böyük auditoriyası olan dövlətdə müğənnilər aylarla qastrol səfərlərinə çıxaraq, yaxşı pul qazanırlar. Azərbaycanda bu, mümkün deyil, uzaqbaşı İrana, Türkiyəyə, Gürcüstana, Dağıstana və Rusiyaya gedə bilərlər. Ora da konsert adıyla keçirib, ancaq toylara, şənliklərə aparırlar.

 

Toy biznesindən yalnız müğənnilər qazanmır, musiqiçilər, təsərrüfatla, qida sənayesi ilə məşğul olan adamlar da gəlir əldə edir. Şadlıq evləri və müğənnilərin yaratdığı biznesin 60 faizi əhalinin məşğul olmasına təsir göstərirdi. Burda xərclənən pullar dövriyyədə iqtisadiyyatın inkişafına aparıb çıxarırdı. Hazırda pandemiya ilə əlaqədar toylar, şənliklər yoxdur. Müğənnilərin vəziyyəti həqiqətən də acınacaqlıdır. Onlarla yanaşı şadlıq evləri, toy biznesinin dairəsində olan iş yerləri bağlanmaq təhlükəsindədir”.

 

Kultoroloq söyləyib ki, əvvəllər müğənniləri tənqid etmiş olsaq da, indi onlara dayaq durmalıyıq:

 

“Çünki aylardır işsizdirlər, pul qazanmırlar. Ailə üzvləri, yaxınları, doğmaları işçiləri var, sosial-məişət problemləri ilə üzləşirlər. Mədəniyyət nazirliyi etirazlarına cavab verməlidir, kömək etməlidir. Müğənnilər müasir incəsənətin tanınan və sənət əsərləri yaradan üzvləridir. Yadıma gəlir hansısa müğənni 190 manat pul almışdı deyə hamı tənqid etdi. Necə olur ki, müğənnidən vergi, sosial müavinət tələb edirik, amma dövlət öz vətəndaşlarına pul ayıranda onlar kənarda qalır? Bu düşüncə tərzini ləğv etmək lazımdır. Sənətçilərin çoxları yuxarı təbəqənin nümayəndələri sayılır. Bilirsiz ki, varlılar kasıblara nisbətən daha çox vergi verir.

 

Dövlət pandemiya, karantin dövründə vətəndaşlara maddi yardım edirsə, varlı- kasıb deyə fərq qoyulmamalıdır, hər kəsə pul ayrılmalıdır. Ona görə də ədalət prinsipi dövlət tərəfindən qorunur. Məsələn, sahibkarlara maddi yardım ayrıldı və işçilərinin maaşlarının bir hissəsi dövlət tərəfindən verildi. Müğənnilər vaxtında özlərini hüquqi şəxs kimi göstərməyib, vergi ödəyicisi olaraq rəsmi qeydiyyatdan keçmədiklərinə görə dövlətin maliyyə yardımından kənarda qaldılar. Eyni zamanda adlarında maşınlar, evlər olduğu üçün 190 manatı da ala bilmədilər. Mart ayından işləmirlər, ondan əvvəl də toy az idi. Bəs necə yaşasınlar? Biz onlardan kömək istəyirik, toylarımıza, şənliklərimizə dəvət edirik. Düzdür, qonorar veririk, amma 6 saat ayaq üstə durub, zəhmət çəkirlər.

 

Buna dəyər verilməlidir, yoxsa mədəniyyət və incəsənətə heç kim getməyəcək. Hamı deyəcək ki, başqa sahədə çalışım. Ona görə də Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsi məsələ ilə bağlı dövlətə təklif verməlidir. Hökümət də həmin insanlara kömək etməlidir”.

Tarix: 7 İyul 2020, 00:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin