Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataşovanın Azərbaycanda saxta plastik cərrahiyyə ilə bağlı apardığı araşdırmaları bu sahədə ölkədə təsəvvüredilməz faktlar ortaya çıxardı.
Belə ki, həmin araşdırmalar zamanı heç bir tibbi təhsili olmayan, yaxud başqa sahənin həkimi olsa da, sonradan bu sahə ilə məşğul olan “həkimlərin” əməliyyat etdiyi xəstələrin özləri də dəhşətli faktlar açıqladı.
Məlum oldu ki, sən demə, bu əməliyyatlar zamanı dünyasını dəyişən şəxslər də var imiş.
O cümlədən ölməsə də, sağlamlığını itirərək əlil olan şəxslər də günümüzün reallığıdır.
Məhz bu araşdırmalardan sonra Səhiyyə Nazirliyi və müvafiq qurumlar bir sıra addımlar həyata keçirsə də, bu cür “həkimlərin” fəaliyyəti hələ də davam edir. Üstəlik, indi Azərbaycanda plastik cərrahiyyə ilə məşğul olan şəxslərin siyahısı da aşkardır.
Bəs onda bu adamlar yenidən necə davam edə bilirlər? Bunların ağır cəzaları hanı? Bu cəlladlar, qəssablar kimə arxayın olur?
Gəlin, bir məsələyə nəzər salaq.
Qənirə Ataşovanın sözügedən araşdırması zamanı” VMR qrup”un sahibi Vüsal Həsənovun da barəsində çoxsaylı faktlar üzə çıxdı.
Ancaq heç nədən və heç kimdən qorxusu olmayan, bütün bu olanlardan nəticə çıxartmaq əvəzinə daha da “qızışan” Vüsal Həsənov, onun haqqında faktları yayan jurnalist Qənirə Ataşovaya və həyatda olmayan valideynlərinə, hətta azyaşlı uşaqlarına belə sosial şəbəkələrdə təhqirlər yağdırmaqdan da çəkinmədi.
Bəs Vüsal Həsənov bundan əvvəl kimdir?
Qənirə Ataşovanın araşdırması zamanı bəlli olub ki, Vüsal Həsənov 13.05.2004-cü il – Bakı Suraxanı RPİ tərəfindən dələduzluq işi üzrə məhkumluq həyatı yaşayıb.
Bundan sonra onun cinayət ardıcıllığı belə davam edir:
16.10.2004-cü il – Mingəçevir Məhkəməsinin qərarı ilə dələduzluq,
30.09.2005-ci il – Apellyasiya Məhkəməsinin qərarı ilə dələduzluq,
11.11.2007-ci il – Yasamal RPİ tərəfindən xuliqanlıq faktı üzrə məhkumluq.
Bəli, bütün bu məhkumluqlar Vüsal Həsənova məxsusdur.
Ataşova yazır ki, onun rəsmi lisenziya olmadan klinika fəaliyyəti göstərdiyi və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyevanın isə həkimlik təhsili olmadan insanlara cərrahi əməliyyatlar apardığı müəyyən edilib.
Cəmiyyət, ölkənin səhiyyə sistemi üçün əhəmiyyətli olan bu ağır ifşalar Vüsal Həsənovun təhqirlərə keçməsinə səbəb olub. Gununsesi.info-nun xəbərinə görə, özünü, azyaşlı uşaqlarını və dünyada olmayan valideynlərini təhqir etdiyi üçün Qənirə Ataşova Vüsal Həsənov barəsində məhkəmədə iddia da qaldırıb.
