"Doğrudan da, ata çox nəzakətli insan idi, xüsusilə qadınlara qarşı. Ona zəng edəndə, hər hansı təklifi kobudluqla rədd etməzdi".
Pravda.az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinə müsahibəsi zamanı Fuad Poladovun qızı - Fəridə Poladova deyib.
Belə ki, tamaşaçıların sevimlisi olan mərhum aktyorumuz, Xalq artisti Fuad Poladovun ölümündən sonra ailə üzvləri mətbuata müsahibə verməyiblər. Aktyorun mətbuatla "məsafəsi" sanki ailəsinə də sirayət edib.
Nəhayət, Fuad Poladovun qızı - Fəridə Poladova görkəmli aktyorun necə övladlarını sevən bir ata, necə bir ailə başçısı olmasından, həyatını yarıda qoyan xəstəliyindən danışdı.
- Fəridə xanım, sizinlə görüşməkdən çox məmnunam. Demək olarmı, müsahibəyə razılığınızla uzun illərin buzunu qırdınız? Bəlkə nəhayət, düşündünüz ki, Fuad Poladov kimi sənətkarlar həqiqətən də xalqın artistidir və onun kimi aktyorların şəxsi həyatı ilə bağlı məlumatlar həm də onu sevən oxucular, tamaşaçılar üçündür...
- İlk dəfə müsahibə olmasa da, atam haqqında kitab yazıldı. Ondan sonra kitabın əsasında bir müsahibə də hazırlandı və saytlardan birində dərc olundu. Bunun insanlarda böyük maraq doğurduğunu gördüm. Əslində, mən bunun əleyhinə deyiləm, ata da heç vaxt bunun əleyhinə olmayıb. Sadəcə, kimə müsahibə verirsən? Nə barədə danışırsan? Bu, bizim üçün həmişə çox əhəmiyyətli olub. Yəni danışmaq xətrinə danışmaq yox, söylədiklərinin mənası, insanlar üçün maraqlı olması baxımından danışırsansa nə mən, nə qardaşım, nə də anam bunun əleyhinəyik.
- Hələ orta məktəbdə oxuyanda Fuad Poladovu televiziya tamaşalarından, filmlərdən xoşlayırdım. Tale elə gətirdi ki, jurnalist kimi çalışanda müsahibə üçün zəng etdim. İşinin çoxluğunu, vaxtının azlığını nəzakətlə bəhanə etdi, "sonra zəngləşərik" dedi. Tanıyanlar da deyirdi ki, o bir az qapalı, kaprizli adamdır, müsahibə verməyi sevmir. Bunun xüsusi bir səbəbi vardımı, ya xarakteri elə idi?
- Xüsusi səbəbini bilmirəm, amma sizin dediklərinizin şahidi olmuşam. Doğrudan da, ata çox nəzakətli insan idi, xüsusilə qadınlara qarşı. Ona zəng edəndə, hər hansı təklifi kobudluqla rədd etməzdi. Həmişə "işlər çoxdur", "çəkilişlər var, sonraya qalsın" deyərdi. Bilmirəm, bəlkə də o zaman çəkilişlər vardı, amma mən hiss edirdim ki, müsahibə verməyi sevmir. Məncə, çox adamlar bunu təsdiq edərlər. Fikirləşmirəm ki, bu, kaprizli olmağın, ya özünü əlçatmaz göstərmək istəməyinin əlaməti idi. Onun hər bir addımının arxasında öz fikirləri, düşüncələri vardı. Yəqin ki, mütləq bunun bir səbəbi vardı. Mən bunu bilməyəcəyəm, amma bir ifadəsi yadıma düşərdi: adam eyni şeyi nə qədər danışar? Yəni belə bir fikir onun ağlından keçərdi: "Mənim deməyə sözüm olanda müsahibə verməyə həmişə açığam". Bəlkə doğrudan da dalbadal müsahibə təklifləri gəlirdi və bir müsahibədən sonra digər müsahibə ona maraqlı görünmürdü. Və yaxud "sonuncu müsahibəni verəndən sonra mənim karyeramda və yaxud həyatımda nələr baş verib ki, bunları cəmiyyətlə bölüşmək istəyim?" fikirləri ürəyindən keçə bilərdi. Yəqin içində eyni suallara cavab vermək qorxusu vardı. Eyni şeyləri bölüşmək ona bir az mənasız gələ bilərdi. O elə bir insan idi ki, hər addımını düşünülmüş halda atırdı. Hərdən qıraqdan ona baxanda mənə elə gəlirdi ki, bütün taleyini özü cızıb və həmin ssenari üzərindən gedir.
- Sonuncu dəfə "Azdrama"nın səhnəsində Fuad Poladovun baş rolda oynadığı "Şah Qacar" tamaşasına baxmışdım. Hətta həmin tamaşaya baxmağa, daha dəqiq desəm, məhz ona baxmağa bir neçə dəfə getdim. Zahiri amiranəliyi rolunu necə də tamamlayırdı. Özü nə deyirdi bu rol haqda?
- Proaktiv olaraq rolları haqqında danışmağı xoşlamırdı. Hətta tamaşadan sonra evə gələndə, hamımız eyni vaxta gəlsəydik belə, çox vaxt susardı. Qardaşım Ağarəhim onu tənqid etməyi xoşlayırdı. Ancaq hiss edirdim ki, bu söhbətlər atanın xoşuna gəlir.
Şah Qacar rolunu mən də çox sevirəm. O tamaşaya bir neçə dəfə baxmışam. Yaxşı ki, həmin tamaşa mənim bir az böyüdüyüm vaxtlara təsadüf etdi. Onun çox rollarını uşaq kimi izləmişəm, kiçik olmuşam. Hamleti oynayanda beşinci sinifdə oxuyurdum. Napoleonu oynayanda da kiçik idim. O tamaşalara bir az daha anlayan, daha duyan vaxtlarda baxsaydım, təbii ki, başqa cür təsir göstərərdi. Atamın oynadığı tamaşalarda monoloqlarını daha çox xoşlayırdım. "Şah Qaçar"da çox təsirli monoloqlar vardı. Məncə, onun ən böyük bacarıqlarından biri də monoloq vasitəsilə tamaşaçılara təsir etmək, oynadığı qəhrəmanı hərtərəfli göstərmək idi. Monoloqların birində həm nəhəngliyini, həm qorxusunu və cılızlığını necə göstərmişdisə, mənə çox təsir etmişdi. Atamın oynadığı premyeralara gedirdik. Sonra da dost və yaxınlarımızla birlikdə həmin tamaşalara baxmağı xoşlayırdıq.
- Heç rejissorların təklif etdiyi rollardan imtina etməsi olurdumu?
- Bildiyimə görə, dəfələrlə olub... Detallarını bilməsəm də və yaxud yadımda qalmasa da, bilirəm ki, olub. Çünki pyesi qabaqcadan diqqətlə oxuyurdu. Heç vaxt gözübağlı nəyəsə razılıq verməzdi.
- Vaxtilə rol aldığı, ölümündən sonra dublyorunun oynadığı bir tamaşaya heç getdinizmi?
- Yox (başını bulayır -T.M).
- Sənətşünaslar da deyir ki, Fuad Poladovun təsadüfi rolları yox idi - həm kinoda, həm də teatrda. Sizcə, ona daha çox hansı yaxın idi - kino, yoxsa teatr?
- Birmənalı olaraq: teatr! İnanmıram, bu sualla bağlı anam və ya qardaşım başqa fikir bölüşsünlər. Kinoya çəkilən vaxtı bəlkə heç biz bilməzdik ki, hansı filmə çəkilir. Yalnız film nümayiş olunanda xəbər tutardıq. Amma teatrda tamaşa olanda biz həmişə bilirdik. Onun əhvalı, hazırlaşmağı, rolunu mənimsəməyi, teatra olan sevgisi - bunu ailə olaraq həmişə aydın hiss edirdik.
- Yadıma "Atayevlər ailəsi" teletamaşası düşür. O tamaşadakı rolu mənfi obraz idi, amma necə sevilirdi...
- Atamı ən çox tanıdan tamaşalardan biri idi. Düzdür, o tamaşada mənfi rola çəkilmişdi, amma eyni anda ona qarşı həm sevgi, həm də nifrət hissləri yaşayırdın. O qarışıq hissləri tamaşaçıda yaratmaq hər aktyorun işi deyil.
- Fuad Poladov unikal aktyor idi. Bunu şərh etməyə heç ehtiyac da yoxdur. Amma şəxsi həyatında necə bir adam, ailədə necə bir insan olması çoxuna maraqlıdır...
- Hamı deyir ki, qapalı idi. Əslində elə idi. Çox danışan, çox bölüşən insan deyildi. Məncə, o, özü ilə vaxt keçirməyi sevən insan idi. Öz fikirləri, düşüncələri ilə baş-başa qalmağı xoşlayırdı. Onun sənət həyatı o qədər zəngin idi ki, hətta şəxsi həyatında da bu barədə fikirləşməklə məşğul olurdu. Böyük rollarına hazırlaşması da onun həyatının mühüm bir hissəsi idi. Uşaq olanda görürdüm ki, ata üzünü qırxır, amma öz-özünə danışır, hansısa jestlər edir, balkonda nəsə bir həyat yaşanır. Bilirdim ki, rolunu məşq edir. Yəni sənət evin içində də həyatının bir hissəsi idi. Fiziki olaraq evdə olmağı çox xoşlayırdı. Evdə olanda ünsiyyətdə çox olmaya bilərdi, amma evinə çox bağlı idi. Bizim yaşadığımız evləri çox sevirdi. Axşam vaxtında evə gəlməyi xoşlayırdı. Ən sevdiyi otaq mətbəx idi. Orda oturub çay içərdi, balaca televizoru vardı, ona baxardı, bizlə söhbət edərdi. Onu qapalı - daha çox öz aləmində, səssiz kimi təsvir edərdim, amma içində bir dünya vardı. O dünyanın içində nələr yaşayırdı- bunu bir Allah bilir. Uşaqlarına çox bağlı idi. Çox yaxşı ata olub. İndiki müasir ailələrdən bir az fərqli idi. Deyə bilmərəm ki, bizimlə saatlarla söhbət edirdi, oyun oynayırdı, amma bizim həyatımızda baş verənlər onu çox narahat edirdi. Çox ailəcanlı idi. Biz xəstələnəndə ağlı başından çıxırdı. Sağlamlığımıza qarşı çox həssas idi. Onun bizim hər şeyimizin olması uçun çalışmağı aydın görünürdü. Biz kiçik olanda bunun dəyərini bəlkə o qədər də sezə bilmirdik. Yetkinlik yaşına çatanda görürdük ki, çalışıb vuruşur ki, bizim təhsilimiz olsun, həyatda nəsə etməyə şansımız yaransın.
- Yeri gəlmişkən, tanınmış və sevilən bir insanın qadını olmaq da asan məsələ deyil. Bunun bir fəxr tərəfi ilə yanaşı, qısqanclıq tərəfi də olur. Ananız bunu hiss etdirirdimi?
- Maraqlı sualdır, amma bu suala anam cavab versəydi daha yaxşı olardı... Onlar qısqanclıq tərəfini bizə hiss etdirməyiblər. Yəqin ki, uşaq olduğumuz üçün düz də ediblər. Məncə, bu, anam tərəfindən böyük bir qayğı, böyük bir anlayış olub. Qadın tərəfindən bu anlayışı və dəstəyi görmək atam üçün çox vacib idi. Bilirdi ki, evə qayıdanda onu qayğı, anlayışla gözləyirlər. Əlbəttə, bu, anamdan qurbanlar tələb elədi. Anam işləmirdi, evdar xanım idi. Bu, atamın böyük istəyi idi ki, uşaqları bağçaya getməsin, məktəbə qədər evdə tərbiyə alsınlar, ev yeməyi yesinlər. Anam həmişə çalışırdı ki, nə qədər bacarırsa atama dəstək olsun. Çünki bilirdi ki, o, böyük bir missiya daşıyır.