Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvlərinin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkillərin əlavə vəsatətlərinin təqdimi ilə davam etdirilib. Vəsatətlərdən təmin olunmayanları olsa da, növbəti mərhələyədək müzakirəsi açıq qalanlarda olub. Daha sonra məhkəmə yerində müşavirə edərək sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib.
Buna görə də müəyyən əlavə sənədlərin məhkəməyə təqdim olunması ilə baglı vəsatət təqdim edilib və buna görə məhkəmədən vaxt istənilib.
Məhkəmə bununla bağlı vəsatəti təmin edərək əlavə sənədlərin toplanması üçün növbəti prosesi mayın 30-na təyin edib.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs ediliblər.