Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Təbrizin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Pravda.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 20 noyabr 2024-cü ildə baş verib.
Rayonun Baş Göynük kənd sakini Təbriz həmin gün saat 14 radələrində özünə məxsus "Mercedes-Benz" markalı avtomobili ilə yüksək sürətlə rayonunun Qudula kənd yolunda Şəki şəhəri istiqamətində hərəkət edib. O, idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobilin sağ arxa oturacağında əyləşmiş 1998-ci il təvəllüdlü Mətanət xəsarət alıb. 1991-ci il təvəllüdlü digər sərnişin Zamir İsmayılova xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 21-də xəstəxanada ölüb.
Hadisəni törədən Təbrizin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təbriz bildirib ki, təxminən 15 ildən artıqdır avtomobil idarə edir: "Anama məxsus "Mercedes-Benz" markalı avtomobili etibarnamə əsasında idarə edirəm. Noyabrın 20-də təxminən saat 10 radələrində yaşadığım kənddə icra nümayəndəliyinin binasının qarşısında dayanmışdım. Həmkəndlim Zamir yanıma gəldi. Şəki şəhərinə gedib-gəlməyimizin mümkün olub-olmadığını soruşdu. Onunla razılaşdıq.
Zamir maşının qabaq sağ oturacağında əyləşdi. Şəki avtovağzalı istiqamətinə hərəkətə başladıq. Şəkidə çay içdik".
Təqsirləndirilən şəxs qeyd edib ki, Zamirin tanışı olan, adını sonradan bildiyi Mətanət də ora gəlib:
"Hər ikisi avtomobilə əyləşdi. Zamir qabaq sağ oturacaqda, Mətanət isə arxa sağ oturacaqda oturdu.
Zamir dedi ki, Şəkinin Qudula kəndinə gedib, daha sonra yaşadığımız Baş Göynük kəndinə qayıdarıq. Avtovağzaldan çıxdıq, maşını üzü Qudula kəndi istiqamətinə sürdüm. Təxminən saat 14 radələrində Qudula kəndinə çatmağa az qalmış sürəti 120-yə qaldırdım. Bu vaxt partlayış səsi eşitdim və avtomobilin arxa sol tərəfindəki təkərin partladığını hiss etdim. Özümü itirdim, əlimi sükandan çəkdim. Avtomobil yolun əks istiqamətinə tərəf aşdı.
Özümə gələndə təcili tibbi yardım avtomobilinin gəldiyini, Zamirlə Mətanəti təcili yardım avtomobilinə mindirərək apardıqlarını gördüm. Sonra məni də təcili yardım avtomobilinə mindirib Şəki Rayon Mərkəzi Xəstəxanasına apardılar".
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə və mərhumun hüquqi varisi ilə barışıq əldə edib. Onun ifadəsinə görə, himayəsində yaşlı ata və anası var, əməlindən səmimi peşmanlıq çəkir.