Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər.
Rəsmi mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyinə gedən qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.
Daha sonra binanın rəsmi açılış mərasimi olub və vəkillərlə görüş keçirilib.
Tədbirdə ARVK-nın sədri Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında aparılan təmir-bərpa işləri barədə ümumi məlumat verib. Bildirib ki, bina Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində Gəncə şəhərində vəkil qurumunun fəaliyyətini təmin etmək məqsədilə Kollegiyanın balansına verilib.
Qeyd olunub ki, əvvəllər Gəncə Şəhər Prokurorluğunun inzibati binası olmuş, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 49 ünvanında yerləşən, ümumi sahəsi 1052,58 kv.m olan, 955,85 kv.m torpaq sahəsində yerləşən inzibati bina Nazirlər Kabinetinin 9 aprel 2019-cu il tarixli qərarı ilə ARVK-nın əvəzsiz istifadəsinə verilib. Bir mərtəbəsi zirzəmi, 3 mərtəbəli inzibati binadan ibarət olan büro ARVK-nın öz maddi vəsaiti hesabına əsaslı təmir olunub, müasir tələblərə uyğunlaşdırılıb, zəruri avadanlıq və infrastrukturlarla tam təchiz edilib. İnzibati binanın bir hissəsi isə tarixi mədəniyyət abidəsidir. Həmin hissə də Mədəniyyət Nazirliyinin rəyi əsasında XIX əsrin Gəncə memarlıq üslubu qorunmaqla bərpa olunub. Gəncə Regional Vəkil Bürosunun təmir-bərpa prosesinə isə 2023-cü ilin oktyabr ayında başlanılıb və işlər mərhələli şəkildə həyata keçirilib.
45 vəkil və digər şəxslərin fəaliyyət göstərəcəyi yeni inzibati binada rəhbər otağı, 18 vəkil otağı, konfidensial görüş otağı, qəbul otaqları, texniki otaqlar, akt zalı, muzey, dəftərxana, arxiv, 2 mətbəx,yeməkxana, qarderob və sanitar qovşaqları mövcuddur. Eyni zamanda vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün büroda bütün lazımi şərait yaradılıb, yüksək səviyyəli texniki təchizat – UPS sistemləri, yanmayan kabellər, müasir yanğın siqnalizasiya avadanlıqları quraşdırılıb. Yeni bina vəkillərin peşəkar fəaliyyətini daha da səmərəli təşkil etmək üçün əlverişli, konfidensial, komfortlu və təhlükəsiz iş mühiti ilə təmin olunub.
Görüş zamanı çıxış edən Gəncə ŞİH-in başçısı Niyazi Bayramov mərasim iştirakçılarını salamlayıb, Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə bütün vəkilləri təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Şəhər rəhbəri Gəncədə müasir vəkil qurumunun yaradılmasını yüksək qiymətləndirərək bildirib ki, bu təşəbbüs vəkillərin fəaliyyətinə yeni imkanlar açmaqla yanaşı, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini də artıracaq. O, ARVK-nın bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü işləri təqdirəlayiq hesab etdiyini vurğulayıb.
İcra başçısı söyləyib ki, ölkədə hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyininartırılması və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə regionlarda hüquqi xidmətlərin keyfiyyətli və əlçatan şəkildə təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi islahatlar məhz insan hüquq və azadlıqlarının təmininə, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, məhkəmə-hüquq islahatları, vəkillik institutlarının müasirləşdirilməsi, yenilənməsi və regionlarda hüquqi yardımın inkişafı istiqamətində mühüm addımlar atılır.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze isə çıxışında son illər ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində mühüm islahatlar həyata keçirildiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərildiyini bildirib. Nəticədə vəkilliyin nüfuzu əhəmiyyətli dərəcədə artıb, maddi-texniki təminatı yaxşılaşdırılıb, regionlarda hüquqi yardımın əlçatanlığı genişlənib.