İnsanlar arasında geniş yayılmış fikrə görə, ən yaxşı yaş 20-dir. Lakin yeni araşdırmalar bu fikrin doğru olmadığını göstərir. Daha da təəccüblüsü budur ki, əksər insanlar həqiqi mənada nə 30-da, nə də 40-da çiçəklənirlər.
İnsanlar əsl həyatlarına 50 yaşında başlayırlar.
Qlobal rifah araşdırması, insanların həyatlarından məmnunluq hissi ilə yaş arasındakı əlaqəni araşdırıb. Bu tədqiqatda 20-dən çox ölkədə 200 mindən artıq insanın sorğusu nəzərə alınıb. Araşdırma göstərib ki, 18-29 yaş arası gənclər xoşbəxtlik, fiziki və psixi sağlamlıq, öz xarakterlərinə münasibət, həyatın mənasını tapmaq, münasibətlərin keyfiyyəti və maliyyə sabitliyi ilə bağlı çətinliklər yaşayırlar. Yəni bu dövr “çiçəklənmə” dövrü sayılmır.
Alimlər qeyd edir ki, çoxsaylı iştirakçılarda rifah səviyyəsi 50 yaşına qədər nisbətən aşağı olurdu. Burada “rifah” – insanın yaşadığı mühit daxil olmaqla, həyatının bütün aspektlərinin yaxşı olduğu bir vəziyyət kimi dəyərləndirilib. Z nəslinin bir çox nümayəndəsi yeniyetməlik dövründə “yetkin həyatın necə olması” barədə stereotiplərlə böyüyüb. Amma böyüdükdən sonra anlayıblar ki, uğurlu yetkinlik göstəriciləri – məsələn, ev almaq, yüksək maaşlı iş tapmaq, ailə qurmaq – əksəriyyət üçün əlçatmazdır. Lakin həyat həmişə qeyri-müəyyəndir və hər kəsin vaxtı fərqlidir. Bununla belə, alimlər hesab edir ki, xoşbəxtlik insanın öz əlindədir.