Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.
Adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib.
Onlar ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıblar.
Belə ki, Pərviz adlı vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik yaradıblar. Malların buraxılması üçün vətəndaşdan 8 min manat rüşvət alıblar.
Rüşvət alınan şəxs Pərviz adlı vətəndaş olub. İstintaqla müəyyən edilib ki, Pərviz Elşan Adbullayevin tanışı olub. Pərvizin Elşana pul borcu da olub.
Pərviz gömrükdən mal gətirən zaman onun yükləri Məzahir tərəfindən saxlanılıb. Əvvəlcə malların buraxılması üçün 22 min manat pul tələb edilib. Sonda 8 min manata razılıq əldə olunub. Həbs edilən şəxslər iddia ediblər ki, Pərviz Elşanın borcunu qaytarmadığı üçün belə bir oyun qurublar. Onlar Pərvizdən rüşvət yox, Elşanın borcunu geri almaq istəyiblər.
Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazışmalar da sübut kimi ələ keçirilib.
Pərviz dindirilən zaman deyib ki, Elşana borcu olub. Amma bu, rüşvət məsələsinin borcla heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə tələb edilən 8 min manatın 6 min manatını verdikdən sonra maşınlarını gömrükdən buraxıblar.
Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsasə hissəsi də Məzahirə çatıb.