Mərhum aktyor və rejissor Ceyhun Mirzəyevin yeganə övladı Cəmalə Mirzəyeva Rusiyada küçələrdə yaşayır.
Bu barədə Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişində bildirilib.
“O niyə Azərbaycandan gedib. Ümumiyyətlə, küsüb gedibmi? Nə baş verib? Evi olan adam nəyə görə belə acınacaqlı vəziyyətdədir. Ən əsası niyə qaçır? Xaricdə yaşayan həmvətənlərimiz ona kömək əli uzatmaq istəsələr belə, o, icazə vermir. O, qaçır, gizlənir, yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə övladıdır”, -deyə Z. Baxşəliyev bildirib və Cəmalə Mirzəyevin şəxsiyyət vəsiqəsini təqdim edib.
C.Mirzəyev 1946-cı il aprelin 9-da Bakıda anadan olub. Ceyhun Mirzəyevin atası Cəmil Mirzəyev Qarabağdan - Ağdamın Abdal-Gülablı kəndindəndir. Anası isə Qarabağın məşhur Sarcalı soyundan olub.
Ceyhun Mirzəyevin özündən böyük (ana eyni, ata ayrı) ögey bacısı da vardı. Onun atası anası ilə ailə quranda hər ikisinin ikinci evliliyi olub.
Ceyhun atasını 5 yaşında ikən - 1951-ci ildə itirib. O, anasının və əmisinin himayəsində böyüyüb.
Lap kiçik yaşlarından kinoya gələn Ceyhun Mirzəyevin adı çəkiləndə ilk olaraq “Ögey ana” və “Fəryad” filmləri yada düşür. Əvəzedilməz sənətkar taleyinin birinci dönəmində “Ögey ana”dakı balaca İsmayılla tanınmışdısa, ikinci dövründə “Fəryad”dakı İsmayılla məşhurlaşmışdı.
O, özünün çəkdiyi və baş rolda oynadığı bu filmə tam baxa bilməyib. Filmin premyerasından öncə infarkt keçirən C.Mirzəyev 47 yaşının tamamına az qalmış - 1993-cü il martın 5-də vəfat edib.