Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb. Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi "Qobustan" şadlıq sarayında baş tutub.
Qızın 15 yaşı tamam olmadığı halda toy məclisinin keçirilməsinə hər iki ailə üzvləri razılıq veriblər. Toy məclisindən sonra polis əməkdaşları araşdırma aparıblar. 15 yaşı tamam olmayan qızla qeyri-rəsmi olaraq ailə həyatı quran şəxs məsuliyyətə cəlb edilib.
Cinayət işi açılandan sonra qız ata evinə qayıdıb. O, ailə həyatı qurduğu şəxsin cəzalandırılmaması üçün bu addımı atdığını deyib və bildirib ki, 18 yaşı tamam olana qədər ailəsinin yanında qalacaq.
Məhkəmədə dindirilən tərəflər bir-birilərindən şikayətçi olmayıblar. Məsuliyyətə cəlb edilən şəxs əməlindən peşman olduğunu deyib.