Naxçıvanda həbs edilən sahibkar tikintidə yol verdiyi nöqsanlara görə həbs edilmişdi. Sonradan ev dustaqlığına buraxılan iş adamının cinayət işinin təfərrüatı məlum olub. İş adamının vaxtı ilə icazəni Vasif Talıbovdan aldığı məlum olub. Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı yol verilən qanunsuzluqlarla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Məmmədov Əmir Əli oğlu məsuliyyətə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.
2023-cü ilin oktyabr ayında həbs edilən Əmir Məmmədov sonradan ev dustaqlığına buraxılmışdı.
İstintaq zamanı müəyyən edilib ki, Əmir Məmmədov 2010-cu ildə Culfada “Əlincə” Kinoteatrının binasını qardaşının adına özəlləşdirib. Hələ Vasif Talıbovun vaxtında kinoteatrın yerində obyekt tikilməsi ilə bağlı rəsmi sənədlər əldə edib. Lakin sonradan həmin tikintinin ərazisinin qanunsuz olaraq genişləndirildiyi, qanunsuzluğa yol verildiyi məlum olub.
Onun Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin balansında olan torpaq sahəsi üzərində təkrarən mülkiyyət hüququnu pozduğu da aşkar edilib.
Əmir Məmmədovun qeyd edilən ərazilərdəki tikinti işlərində əmək müqaviləsi olmayan işçilər işlətdiyi, həmin işçilərdən ikisinin tikinti zamanı xəsarət aldığı da istintaq zamanı müəyyən edilib.
Fəhlənin xəsarət almasına görə Əmir Məmmədovun işlərinə nəzarət edən Ağayev Daşqın Aydın oğlu da məsuliyyətə cəlb edlib. Ona qarşı Cinayət Məcəlləsinin 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. O, da istintaq zamanı azadlıqda olub.
Araşdırma zamanı məlum olub ki, Əmir Məmmədov qalmaqallı torpaq sahəsini Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan zaman alıb.