Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərim Novruzov Ermənistan ordusunun 1991-ci ilin sentyabr-oktyabr aylarında Ağdərə rayonunun Baş Güneypəyə kəndinə dörd dəfə hücum etdiyini, nəticədə İkinci Dünya müharibəsi iştirakçısı 1910-cu il təvəllüdlü Qoşun Abdullayevi, Həmzə Ələkbərovu və kəndin digər sakinlərini qətlə yetirdiyini deyib.
O bildirib ki, Ermənistan ordusunun sonuncu irimiqyaslı hücumları 1992-ci il martın 12-də baş verib. “Ağdərə rayonunun beş kəndinə, o cümlədən bizim Baş Güneypəyə kəndinə hücum etdilər. Onlar bütün kəndi mühasirəyə alıb, tanklardan və ağır artilleriyadan atəş açırdılar. Kifayət qədər hərbi qüvvələri var idi. Onlar avtomatlar, pulemyotlar, snayper tüfəngləri ilə silahlanmışdı. Atam 1992-ci ilin martın 12-də dinc sakinləri qətliamından xilas edərkən döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid oldu. Atamdan əlavə, qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin döyüşdə şəhid oldular. Vitali Balasanyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, lakin onlar atamın və onunla birlikdə həlak olanların nəşinin verilməsindən imtina etdilər. Hazırda da onların nəşlərinin harada olduğu məlum deyil”, - deyə K.Novruzov bildirib.