Kürəkənini öldürməkdə təqsirləndirilən 50 yaşlı Tayır Tayırovun cinayət işinin təfərrüatı məlum olub. Mərhumun arvadına amansız işgəncələr verdiyi məlum olub. Hadisə ötən il yanvarında baş verib. 1989-cu il təvəllüdlü Elvin Ələkbərov Saray qəsəbəsi ərazisində Tayır Tayırov tərəfindən qətlə yetirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub.
Elvin təqsirləndirilən Tayır Tayırovun kürəkəni olub. Hadisənin baş verməsinə səbəb isə mərhum Elvinin arvadını tez-tez döyməsi, ona işgəncələr verməsi olub.
T.Tayırov ifadəsində deyib ki, hadisə günü yas mərasimində olan zaman qızı ona zəng vuraraq yenə də Elvin tərəfindən döyüldüyünü deyib:
“Qulağı qan içində idi. Başını divara vurmuşdu. Qızım evdən qaçıb məhəllədəki mağazada gizlənmişdi. Qızım uşağını da özü ilə götürmüşdü. Evə gələndə qızımın vəziyyətinin yaxşı olmadığını görüb həkimə apardıq. Həkimlər beyninin silkələndiyini dedilər”.
Onun sözlərinə görə qızını həkimə aparan zaman kürəkəni Elvin ona bir neçə dəfə zəng etsə də cavab verməyib: “Xəstəxanaya gələcəyini düşünüb zənglərə cavab vermədim. Sonra yenə zəng edəndə açdım və evə getdiyimi dedim. Qızımla yoldaşım isə xəstəxanada qaldılar. Həyətə çatanda gördüm ki, Elvinin maşını oradadır. Bir az sonra da özü gəldi. Söyüş söyməyə başladı. Mübahisə edəndə Elvin bıçağın arxa tərəfi ilə başımdan vurdu. Sonra da üzərimə gəldi. Onun əlindən bıçağı almağa çalışırdım. O da məni təpikləyirdi. Elvin qapının dəstəyinə ilişdi. Onu necə vurduğumu bilmirəm”.
Tayır Tayırovun sözlərinə görə qızının əri ilə münasibətlərnin yaxşı olmadığını bilib, amma onun işgəncələrə məruz qalmasından xəbərsiz olub:
“Qızımın o dərəcədə döyüldüyünü bilmirdim. Elvin söz eşidən adam olmadığı üçün onunla bu barədə söhbət etmirdim”.
Elvini qızının qisasını almaq məqsədi ilə öldürməsi fikirləri ilə razı olamayan Tayır Tayırov bildirib ki, hadisədən əvvəl qudasına “Elvin bizə gəlsə, onu öldürəcəm” deməyib.
Mərhumun qardaşı iş üzrə hüquqi varis kimi tanınıb. Hüquqi varis əvvəlcə Tayır Tayırovu bağışlamadığını, ona ağır cəza verilməsini istəyib. Lakin məhkəmə istintaqının sonunda zərərçəkmiş tərəf Tayır Tayırovu bağışladığını, şikayətçi olmadığını bildirib.
İş üzrə mərhumun arvadı, Tayır Tayırovun qızı şahid qismində dindirilib. O, mərhum əri tərəfindən məruz qaldığı dəhşətli işgəncələr barədə danışıb.