9 May - faşizm üzərində qələbə günü İmişlidə keçirilən tədbirdə SSRİ bayrağı qaldırıb, sinəsinə "Georgi lenti" vuran İmişli Ağsaqallar Şurasının sədri Saleh Səmədovun inanılmaz harınlığı ortaya çıxıb. Pravda.az Axar.az-a istinadən xəbər verir ki, etdiyi əmələ görə İmişli Ağsaqallar Şurasının sədri vəzifəsindən azad edilən Saleh Səmədovun həddən artıq varlı biri olduğu haqda artıq məlumat yayılıb. Onun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istixanası, milyonluq "Rolls-Roys"u olan S.Səmədovun Bakıda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu vurğulanır.
Səmədov fəaliyyətə fəhləlikdən başlayıb, ali təhsil diplomunu isə 35 yaşında ala bilib. Belə görünür ki, Saleh Səmədov İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri olandan sonra taleyi dəyişib.
Onun hansı savada, necə intellektə sahib olduğu SSRİ bayrağı qaldırması və "Georgi lenti" taxması ilə hər kəsə bəlli oldu. Ancaq S.Səmədovun haqq etmədiyi var-dövlətindən dolayı rayondakı harınlığı haqda saytın redaksiyasına daxil olan məlumat daha şokedicidir.
Hadisə 4 ay öncə İmişli rayonunda baş verib. Bildirilir ki, S.Səmədov yol hərəkəti qaydasını ciddi şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Yol polisi əməkdaşı ondan sənədlərini tələb edib. S.Səmədov isə həm polisi, həm də rayon polis şöbəsinin rəisi Azər Tağıyevi ağır söyüşlərlə, bir insana, xüsusilə "ağsaqqal" adına yaraşmayan ifadələrlə təhqir edib. Bildirib ki, rayonun rəisi belə onun maşınını saxlatdırmağa cəsarət edə bilməz.
Onun təhqirləri, rayon rəhbərliyi, polis rəisi və hüquq-mühafizə orqanları haqda dediyi nalayiq ifadələr hamısı kamera qeydlərində var.