Neftçala rayonunda şəhid anası qohumları tərəfindən döyülüb.
Hadisə rayonun Xol Qarabucaq kəndində baş verib. Kənd sakini Şəfiqə Səmədovanın oğlu Camal Vüqar oğlu Səmədov öz dayısı qızı ilə ailə qurub. C.Səmədov Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olandan sonra ailədə şəhidin pensiyası və veriləcək əmlakla bağlı mübahisələr başlayıb.
Belə ki, şəhidin atası Vüqar Səmədov oğlunun pensiyası və əmlakın Camal Səmədovun həyat yoldaşı Həcər Səmədovaya qalmasına narazılıq edib və bu barədə ailədə söz-söhbətlər başlayıb. Nəticədə söz söhbətə son qoymaq üçün Həcər 1 il sonra, yəni şəhidin il mərasimindən sonra iki azyaşlı uşağı ilə birlikdə atasının evinə köçüb və həmin vaxtdan etibarən uşaqları Şəfiqə Səmədovaya göstərməyiblər.
Şəhid anası dəfələrlə nəvələrini görmək üçün qardaşı evinə zəng vursa da, xeyri olmayıb. Məcburiyyət qarşısında qalan Ş.Səmədova uşaqları görmək üçün qardaşının evinə gedib. O, evə daxil olarkən qardaşı oğlu İlqar Səfərov şəhid anasını yumruqla vuraraq yıxıb. İlqar Səfərovun atası Şahmar Səfərov bacısı Şəfiqə Səmədovanı tutaraq evdən çölə atıb.