Silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilən "N" saylı hərbi hissənin əsgəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub.
Pravda.az "Qafqazinfo"a istinadla xəbər verir ki, aparılan istintaqla Rüfətin əsgər yoldaşı tərəfindən güllələnərək qətlə yetirildiyi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayev və təqsirləndirilən əsgər Tale Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə, Rüfətin ona "yetim" deyə müraciət etməsi Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Tale bu sözləri qəbul etməyərək əsgər yoldaşını öldürmək qərarına gəlib.
Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq digər patrul naryadını oyatmaq bəhanəsi ilə əsgərlərin yataqxanasına gedib. Yataqxanaya daxil olan vaxt Rüfətlə aralarındakı mübahisələr onun yadına düşüb.