Basqal İpək Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin professoru Rəna İbrahimbəyova yaxın qohumu olan xarici işlər naziri Elmar Məmmədyarovla bağlı son vaxtlar mətbuatda yazılan tənqidlərdən danışıb.
Rəna İbrahimbəyova bildirib ki, Elmar Məmmədyarov və övladlarının xaricdə biznesi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bu cür xəbərləri oxuyanda çox pis oluram. Bunların hamısı təxribat və cəfəngiyyat yazılardır. Görünür ki, bu cür təxribat və yalan xarakterli yazıları kimlərsə məqsədli şəkildə ortaya atıblar. Mən bu cür boş söhbətlərə münasibət bildirmək belə istəmirəm. Elmar müəllim tanınmış ailənin üzüvüdür, onun atası akademikdir, tanınmış alimdir. Elmar müəllimin babası Fuad İbrahimbəyov da tanınmış adamdır. Onun yoldaşının babası görkəmli alim Abdulla Qarayevdir. Bunların hamısı əsilli, köklü insanlardır. Yəni, Elmar müəllimin ailəsi təsadüfi adamlar deyil. Elmar Məmmədyarov təmiz ailədən çıxıb".