Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb. Artıq əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatıb. Siyahının yaxın günlərdə Prezident İlham Əliyevə təqdim olunacağı bildirilir. Sözsüz ki, əfv etmək dövlət başçısının səlahiyyətinə daxildir. Amma bununla belə əfv siyahısının geniş olacağı və bir çox tanınmış şəxslərin azadlığa buraxılacağı ilə bağlı fikirlər səslənir.
Əfv Komissiyasının üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Teleqraf-a açıqlamasında əfv siyahısında olan adlarla bağlı konkret fikir bildirməyin çətin olduğunu söyləyib.
“Bizim tərəfimizdən hansısa şəkildə konkret adlar müzakirə olunmayıb. Bizə təqdim olunan siyahı üzrə müzakirələr aparılıb. Burada da müvafiq qərarlar verilib. Yəqin ki, əfv sərəncamı qəbul edildikdə onun nəticələri də hər kəsə aydın olacaq. Ona görə də konkret şəxslərlə bağlı danışa bilmərəm. Amma bütövlükdə biz öz vəzifəmizi yerinə yetirmişik və çox demokratik, açıq bir ortamda məsələlər müzakirə edilib, qərar qəbul olunub”, – deyib.
Fazil Mustafa bildirib ki, bundan sonra qalan məsələlər artıq ölkə Prezidentinin səlahiyyətlərinə aid olan məsələlərdir:
“Başqa şəxslərin də əfv olunması ölkə başçısının müstəsna səlahiyyətindədir. Əfv Komissiyası bu məsələyə baxdı-baxmadı bu, əsas götürülmür. Komissiya sadəcə, tövsiyyəedici xarakterli təkliflərini ölkə Prezidentinə təqdim edir”.
Hüququ müdafiəçisi Novella Cəfəroğlu da əfvlə bağlı gözləntilərin böyük olduğunu bildirib.