"Bu gün Azərbaycan Ordusu bütün istiqamətlərdə inkişaf edir".
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Müdafiə Nazirliyinin rəhbər heyətinin ön xəttə səfərini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan regionun ən güclü dövləti olaraq ordunun təchizatını daim gücləndirir.
Deputat qeyd edib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər şəxslərinin ön xəttə getməsini yüksək qiymətləndirir: “Belə səfərlər şəxsi heyətin daim diqqətdə olduğunu göstərir. Təbii ki, mütəmadi olaraq hərbi qulluqçularla görüşlərin keçirilməsi, vəziyyətin yerində qiymətləndirilməsi və şəxsi heyətlə müzakirələrin aparılması təqdirəlayiqdir. Nazirliyin hərbi qulluqçulara lazımi tapşırıqları birbaşa verməsi ordunun gücünün artırılması baxımından vacib məqamdır. Səfər çərçivəsində rəhbər heyət ordumuzun maddi-texniki bazasının gücləndirilməsi ilə yaxından tanış olurlar".
V.Bayramovun fikrincə, səfər zamanı şəxsi heyətə bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqların verilməsi ordumuzun ayıq-sayıqlığını göstərir: "Azərbaycan Ordusu hər an torpaqlarımızı erməni işğalından azad etməyə qadirdir. Maddi-texniki imkanımız, şəxsi heyətin döyüş hazırlığı və milli ruhumuz bunu deməyə əsas verir. Unutmaq olmaz ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Bu gün eyni zamanda hərbi qulluqçuların mənzil təminatı da daxil olmaqla, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər uğurla davam etdirilir. Bu da şəxsi heyət arasında əhval-ruhiyyənin artmasına, döyüş ruhunun yüksəlməsinə və ordumuzun daim hazırlıqlı olmasına imkan verir.