Sabah, Bakı Apelyasiya Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin şikayəti üzrə məhkəmə prosesi davam etdiriləcək. Orxan İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından narazıdır.
Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmənin gedişatında Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınıb. Qızının saxlanılması üçün aliment ödəməkdən də imtina edib. Sabunçu Məhkəməsinin qərarına görə Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməlidir. O, Sabunçu Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu məhkəmə instansiyası da obyektiv qərar çıxarılması üçün Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi barədə qərardad çıxarıb. Ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı gediblər. Orxan İsmayılzadə isə ekspertizaya gəlməyib.
Orxan İsmayılzadə bundan öncə də dəfələrlə ayrı-ayrı məhkəmələrin təyin etdiyi ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlər obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi.
Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, qarşı tərəfdən atılan addımlar məhkəmənin uzadılmasına xidmət edir: “Artıq 7-ci dəfədir ki, Orxan İsmayılzadə ekspertizanın işində iştirak etməkdən yayınır. Sonuncu məhkəmə prosesində də işə 3 yeni vəkil qoşuldu. İddia edirlər ki, guya ekspertizanın keçirilməsi barədə məlumatlı olmayıblar deyə iştirak etməyiblər. Əslində isə bütün hərəkətləri məhkəmənin süni şəkildə uzadılmasına xidmət edir”.
Fidan Abbasova ölkə rəhbərliyinə müraciət edərək baş verənlərə reaksiya verilməsini xahiş edib: “Mənim qızımın haqqının bərpa olunmasını tələb edirəm. Qarşı tərəfin pulu, əlaqələri var deyə mənim övladımın haqqı tapdanmamalıdır. Məhkəmələrin bu şəkildə uzadılmasından artıq bezmişəm. Ölkə rəhbərliyindən israrla xahiş edrəm ki, qızım Nilin hüquqlarının pozulmasına, övladımın hüquqlarına tez bir zamanda çatmasına dəstək versin. Mən övladımın hüquqlarının bərpa olunması üçün ən kəskin addımlardan çəkinməyəcəyəm. Özümü məhkəmənin qabağında yandırmalı olsam belə, qızımın haqqını bərpa edəcək, ata adını verəcəklər. Var-dövlətlərini istəmirəm, qızımın haqqını bərpa etsinlər!”
Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur: “Orxan İsmayılzadə mənim ona şər atdığımı deyir. Guya övladımın atasının olduğunu bildirməklə ona şər atıram. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki, bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir”.
Fidan Abbasova Orxan İsmayılzadənin bu günə qədər təyin olunmuş ekspertizalarda iştirak etməməsinin protokollaşdırıldığını da deyib: “Qanuna görə ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır”.
Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.