“Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib. Əhəd Əliyev dələduzluqda təqsirləndirilən xalası oğlunun aldatdığı şəxsin bankdan kredit götürməsini asanlaşdıran göstəriş verib.
1974-cü il təvəllüdlü Şəmsi adlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Şəmsi özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edərək Tamirlan Həsənova qarşı 210 min manatlıq dələduzluq edib.
Razılığa əsasən təqsirləndirilən Şəmsi adlı şəxs Tamirlan Həsənovun qardaşı ilə arasında olan mülk davasını onun xeyrinə həll edəcəkmiş. Şəmsi məhkəmədə, prokurorluqda Tamirlan Həsənovun xeyrinə qərarlar çıxartdıracağını vəd edərək ondan 210 min manat pul alıb.
Şəmsi bu iş üçün lazım olan pulu Tamirlan Həsənovdan tələb edən zaman sonuncunun evini bankda girov qoyublar.
Təqsirləndirilən Şəmsi bu işi asanlaşdırmaq üçün “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olan xalası oğlu Əhəd Əliyevə müraciət edib. 2022-ci ildə Əhəd Əliyevin göstərişi ilə bankın “Əhmədli” filialından Tamirlan Həsənova mənzilini girov qoymaq şərti ilə 178 min manat kredit ayrılıb. Tamirlan Həsənovun mənzili başqa bankda kreditdə olduğu halda bir neçə gün ərzində sənədləşmə işləri tamamlanıb və qeyd edilən məbləğ ayrılıb.