Mayın 24-ü səhər saat 8 radələrində Gədəbəy rayonunun Kələman kəndində yaşlı qadına qarşı quldurluq hadisəsi baş verib.
Naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 74 yaşlı Zeynəb Nağiyevanın evinə daxil olaraq, onun əl-qolunu bağlayıblar. Daha sonra qadının başına un kisəsi keçirilib və küt alətlə döyülərək evdəki pulların yerini deməsi tələb olunub.
Zərərçəkənin qonşusu Səhladər Nağırov bildirib ki, qadını huşsuz vəziyyətdə ilk olaraq o görüb:
"Biz onu görəndə başı yarılmışdı, qan içində idi. Əlləri və ayaqları bağlı vəziyyətdə idi. Mən hadisə yerinə polisdən sonra çatdım. Zeynəb xala yaxşı qonşu olub, heç kimlə problemi olmayıb. Kəndimizdə indiyədək bu cür hadisə baş verməmişdi. Hamı şokdadır".
Məlumata görə, Zeynəb Nağiyeva həmin gün sübh tezdən mal-qaraya ot vermək üçün tövləyə gedib. O, tövlənin damından ot götürmək istədiyi zaman orada gizlənmiş şəxs onun başına torba keçirərək əl-qolunu bağlayıb və qadını tövlənin içərisinə atıb. Nəticədə qadın ağır xəsarətlər alıb.