Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı dələduzluq yolu ilə ələ keçirilib.
Pravda.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, polkovnik-leytenant Altay Ələkbərov barəsindəki cinayət işinə xitam verdirəcəyini vəd edən şəxs tərəfindən aldadılıb.
İş materiallarından görünür ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində Müdafiə Nazirliyinin balansında olan metal qalıqlarının bazar qiymətindən aşağı satılması ilə bağlı cinayət işi başlanıb.
İş üzrə hərbi hissə komandiri Altay Ələkbərov istintaqa cəlb olunub. Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi üçün ona rəsmi göstəriş verilib. Bununla bağlı komandir alternativ yollar axtarmağa başlayıb və tanışları vasitəsilə Nurəli Məmmədovla əlaqə yaradıb. Nurəli ona deyib ki, yüksəkvəzifəli "tanışlar”ı vasitəsilə onun işinə xitam verdirəcək. Amma bunun üçün həmin "tanışlar”a rüşvət verilməlidir.
A.Ələkbərov bu vədə inanıb və banklardan kredit götürərək Nurəliyə 150 min manat pul verib. Xeyli vaxt keçsə də, komandirin işi həll edilməyib.