Xaricdən avtomobil gətirilməsi vədi ilə vətəndaşlardan külli miqdarda vəsait toplandığı iddia olunur. Oxu.Az xəbər verir ki, Fuad Nəcəf adlı şəxsin iddiasına görə, maşın alqı-satqısı ilə məşğul olan Elvin Hüseynov və onunla birgə çalışan şəxslər "Autobazar" MMC şirkəti adı altında vətəndaşlarla müqavilələr bağlayaraq, Dubay bazarından avtomobil gətirmək vədi ilə onları aldadıblar.
İddiaçı bildirir ki, Elvin Hüseynov və onun komandası müqavilə bağladıqları şəxslərə nəqliyyat vasitələrini təhvil verməməklə yanaşı, aldıqları vəsaiti də geri qaytarmırlar.
Fuad Nəcəfin sözlərinə görə, zərərçəkmişlərin sayı 15 nəfərə çatır, ümumi maddi zərər isə 250 min manatdan çoxdur:
"Səsyazıları, müqavilələr, ödəniş anlarının gizli çəkilişləri və digər sübutlar mövcuddur".
Şikayətçi əlavə edib ki, adıçəkilən şəxslər sosial şəbəkələrdə özlərinə məxsus çoxsaylı səhifələr açaraq fəaliyyətlərini reklam edir, tənqidi şərhləri isə silərək istifadəçiləri blok edirlər.

