"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov bildirib ki, təqsirləndirilən İsfəndiyar Axundov təkcə, Binəqədi Rayon Məhkəməsində 40-a yaxın iş üzrə cavabdeh şəxs qismində tanınıb.
Daha sonra xüsusi ittihamçı Emil Səməndərov ifadə verib.
O bildirib ki, 2018-ci ildə onun rəhbəri olduğu “Proqress 2016” MTK-da 141 zərərçəkənin, 3 milyon 100 min manat maddi zərərin olduğu bildirilib, sonradan məlum olub ki, 264 zərərçəkən, 7 milyon 900 min manat maddi zərər var: “Mən son göstərilən maddi ziyandan 5 milyon ödəmişəm. Halbuki bu işin mənə aidiyyəti yoxdur. Amma İsfəndiyar Axundov mənə dələduz deyib. Onun qanun çərçivəsində cəzalandırılmasını xahiş edirəm”.
İsfəndiyar Axundov Emil Səməndərova cavab olaraq “Sənin atan və yoldaşın məni məhkəməyə verərək 5 milyon tələb edir”, bildirib.
Emil Səməndərov bundan xəbəri olmadığını deyib.