Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimov uzun sürməyən xəstəlikdən sonra bu gün 84 yaşında vəfat edib.
Vaqif Kərimov 8 dekabr 1940-cı ildə Şəkidə anadan olub.
O, 1948 – 1958-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbində, 1960 – 1965-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.
Uşaq yaşlarında incəsənətə böyük həvəs göstərib. Əvvəlcə rayon pionerlər evində İbad Salmanovun rəhbərlik etdiyi tar dərnəyində tarın, təhsil aldığı məktəbin dram dərnəyində isə teatr və aktyorluq sənətinin sirlərini öyrənib. Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rəhbərlik etdiyi Şəki rayon Mədəniyyət evinin dram dərnəyində həvəskar aktyor kimi çalışıb.
Vaqif Kərimov 1958-1960-ci illərdə Şəki ipək kombinatının klubunda görkəmli xanəndə və aktyor Yunis Qarabağlının rəhbərlik etdiyi “İpəkçi” xalq çalğı alətləri ansamblında tar ifaçısı, həmçinin həvəskar aktyor kimi çıxış edib.