Prezidentin açılışını etdiyi FHN-ə aid yeni mobil xəstəxanadan köhnə ambulanslar çıxdı
Prezident İlham Əliyevin iyulun 6-da açılışını etdiyi Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, FHN-ə aid modul tipli hospitalla bağlı sensasiya sayıla biləcək məlumat yayılıb.
Pravda.az xəbər verir ki, Almaniyada yaşayan jurnalist Həbib Müntəzir FHN-ə aid sözügedən hospitalın açılışı zamanı Prezident İlham Əliyevin aldadıldığını bildirib: “Açılış zamanı göstəriş üçün güya yeni açılan hospitala aid iki ədəd “Mercedes Benz Sprinter” markalı təcili yardım maşını qoyulub. Rəsmi sənədlərdə maşınlar 2010-cu ilə aiddir. Sənədlərə görə “Renessans-S MMC” şirkətinə məxsus “Medistyle Hospital”ın maşınlarıdır. Rəsmi olaraq isə Asiman Həsənovun adı hallansa da obyektin hazırda deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova aid olduğu deyilir”.