Naxçıvanda bir qrup şəxs məscidlərdə İmam Mehdini tanıtmaq məqsədilə uşaqlara hədiyyələr payladıqları üçün saxlanılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, saxlanılanlar arasında 1995-ci il təvəllüdlü Abbas, 1984-cü il təvəllüdlü Xaliq, 1996-cı il təvəllüdlü və Babək Rayon Mədəniyyət İdarəsində təsərrüfat müdiri vəzifəsində çalışan Elsevər, həmçinin Oruc adlı şəxs var.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsi qaydalarının pozulması) əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə müəyyən edilib ki, adıçəkilən şəxslər tədbirləri Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən Təzə (axund Hacı İntiqam), Hacı Mehdi (axund Hacı Malik) və Xəndək (Hacı Cəlil) məscidlərində təşkil ediblər.