İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib.
2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında” əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək sənədə əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi əmr edilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artileriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın: “Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin”.