İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə prokurorun suallarını cavablandırıb.
Pravda.az xəbər verir ki, təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib.
Arayik Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən “bank” olduğunu söyləyib. “Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin “bank”ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.