Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində azərbaycanlı iki qardaş – Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb. Qətlə yetirilən şəxslər tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin doğma qardaşlarıdır.
Səfərov qardaşlarının cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi bildirilir.
Seyfəddin Hüseynli məlumatı mətbuata təsdiqləyib. Bu dəhşətli olay təkcə bir ailənin faciəsi deyil, həm də zorakı üsullarından doğan narahatlıq siqnalıdır.
Seyfəddin Hüseynli kimdir? Musavat.com Seyfəddin Hüseynlinin dosyesini təqdim edir:
Seyfəddin Hüseynli 1976-cı il avqustun 15-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, azərbaycanlı ədəbiyyatşünas, tərcüməçi, esseist və redaktordur. Hazırda Azərbaycan Yazıçılar Birliyinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru və “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini kimi fəaliyyət göstərir.
Həyatı və təhsili
O, 1993–2002-ci illərdə Bakı Dövlət Universitetində və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Filologiya üzrə magistr təhsili alıb.
Ədəbi və tərcümə fəaliyyəti
Onun ədəbiyyat və sənət məsələlərinə dair tərcümələri, esseləri, tənqidi yazıları media orqanlarında yayımlanıb.
İngilis, fransız, rus, yapon, alman, ispan, ərəb və digər dillərdən — birbaşa və ya ikinci dil vasitəsilə — dünya ədəbiyyatının seçmə nümunələrini Azərbaycan dilinə tərcümə edib.