Bakıda tanış olduğu qadını şantaj edərək pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Onun ailəli olduğu qadınla münasibət yaratdığı, əldə etdiyi görüntülərlə onu şantaj etdiyi müəyyən edilib. Saxlanılan zaman onun üzərindən heroin də aşkar edilib.
1987-ci il təvəllüdlü Məsləhət şantaj etdiyi qadından hissə-hissə olmaqla ümumilikdə 42 min manat pul aldığı məlum olub.
Məsləhət Bilgəh qəsəbəsi “Amburan” İstirahət Mərkəzinin yaxınlığında polislər tərəfindən saxlanılan zaman onun üzərindən heroin də aşkar edilərək götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, bu, Məsləhətin adı qarışan ilk cinayət işi deyil. O, daha əvvəl otellərdən birində qadına təcavüz ittihamı ilə həbs edildikdən sonra bəraət alaraq azadlığa çıxıbmış.
Bundan başqa onun adı Elnarə Niftullayeva adlı qadının cinayət işində də keçib. Elnarə Niftullayevanın narkotik satışı ilə məşğul olduğu, onun Məsləhətlə də münasibətinin olduğu bildirilirdi. Məsləhətin iddiasına görə, Elnarə Niftullayevanı həbs etmək istəyəndə ondan istifadə etməyə çalışıblar.
Sonuncu ittihamda özünü təqsirli bilməyən Məsləhət zərərçəkmiş kimi tanınan qadınla aralarında sevgi münasibəti olduğunu etiraf edib. Həmin qadınla aralarındakı pul alış-verişini isə borcla izah edib. Deyib ki, sevgi münasibəti olduğu qadınla bir-birlərinə borc veriblər.