“Qara maskalı”lar bizə dedilər ki, qol çəkib Ukrayna ilə müharibəyə getməlisiniz. Qol çəkməsəniz, sizin bütün bədəninizi qırıq-qırıq edəcəyik”.
Bunu Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Vüqar Səfərov bildirib.
O, iyunun 27-də səhər saatlarında baş verən hadisənin təfərrüatlarını danışıb:
“Evdə yatmışdıq, səhər saat 5-də qapı döyüldü. Gördük ki, qapını qırırlar. Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə. Bizi elektroşokla vurdular. “Dubinka” ilə, “montirovka” ilə döyürdülər. Evdəki stolları belimizdə qırdılar. Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, “Qazel”ə uzandırdılar, atamı başqa maşınlar apardılar. “Qazel” içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər. Bölməyə çatana kimi döydülər. Çatdıq, bizi qaldırdılar beşinci mərtəbəyə. Orda da həmin şiddəti tətbiq etdilər. “Toka” verdilər, elekroşokla vurdular. “Dubinka, “remen”lə vurdular. İt yerinə qoymurdular. Bizi iki qardaş - mən və qardaşım Məhəmmədi bir otaqdaydıq, atam Məzahir Səfərovu isə başqa yerə apardılar. Gördüm ki, atam qışqırır. Atama “tok” verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə “tok” verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər. Bir anda eşitdim ki, deyirlər ölənlər var. “İki nəfər öldü” deyirdilər. Fikirləşdim ki, ay Allah, bu kimlərdi? Axşam saat 9 olardı, gördüm atama qışqırırlar ki, “Sənin qardaşlarını, oğlanlarını, hamını öldürəcəyik, günahını etiraf elə, imza at”.
Vüqar Səfərovun sözlərinə görə, onlara bildirilib ki, Ukrayna ilə müharibəyə getməlidirlər: “Bizə dedilər ki, indi idarədən gəlirlər, bizə SVO-ya (xüsusi hərbi əməliyyat-Ukrayna cəbhəsi-red) getməliyik. Müqavilə bağlayacağıq, qol çəkəcəksən. Müqaviləyə qol çəkməsən, sizi qırıq-qırıq edəcəyik. Qol çəksən, sizi səhər müharibəyə göndərəcəyik. Bu vaxt atam gəldi. Onun qabırğalarını qırmışdılar. Arxasında təcili tibbi yardım maşını çağırmışdılar. Atam dedi ki, sizi buraxacaqlar, evdəkilər sizə əmanət. Atam danışa bilmirdi, nəfəs ala bilmirdi. Atam onlardan soruşdu ki, 100 faiz uşaqlarımı, qardaşlarımı buraxacaqsınız, dedilər “hə”. Bizi buraxdılar, amma əmimgili buraxmadılar. Çıxanda da eşitdim ki, iki əmim rəhmətə gedib”.