İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Alışanın həyat yoldaşı Günel Elariz qızı Alışan ifadə verib. Şahid bildirib ki, onun yoldaşı ilə əlaqəsi aprelin 9-da kəsilib: "Nizami aprelin 9-u mənə dedi ki, işdədir. Oradan çıxıb Babək Məmmədovla görüşməyə gedəcək. Mən də uşaqları bağçadan götürməyə getdim. Aprelin 11-də mənə onun öz nömrəsindən zəng gəldi. Nizami dedi ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindədir”.
Digər şahid Rövşən Tağı oğlu Dadaşov hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini deyib. Bildirib ki, ötən aylarda Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub: "Çalışdığım dövrlərdə Nizami Alışan bizə treninqlə bağlı müraciət edib. Ona bu sahəni mən öyrətmişəm. Daha sonra Nizami özü bu sahə ilə sərbəst şəkildə məşğul olub. O, İnvest.az-ın maliyyə şöbəsi ilə əməkdaşlıq edib, mədaxil-məxariclər ediblər. Mən mühasibatlıqda çalışmıram deyə dəqiq məlumat verə bilmirəm. Digər proseslərdən xəbərim olmayıb".
Vəkil Samir İsayev vəsatət verərək İnvest.az-ın direktoru Elşən Quliyevin dindirilməsini xahiş edib. Bundan əlavə, Babək Məmmədzadənin aprelin 9-nu əhatə edən anten məlumatlarının məhkəməyə təqdim olunmasını xahiş edib.
Hər iki vəsatət təmin edilib.
Proses iyulun 7-nə təxirə salınıb.