Füzuli rayonun Qayıdış-2 qəsəbəsində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs qətli törətdikdən sonra meyiti kanala atıb. Sonra da öldürdüyü şəxsin axtarışlarına qoşulub. Həbs edilən şəxs qətli namus üstündə törtədiyini deyir. Lakin mərhumun ailə üzvləri bununla razılaşmır.
Hadisə 2024-cü ilin oktyabr ayında baş verib. Anar Mahmudov fermasında işlədiyi müdiri Yaşa İbadovu küt alətlə vuraraq qətlə yetirib. Daha sonra meyiti xalçaya bükərək traktorla “Baş Mil” kanalının yanına aparıb. Ətrafda heç kimin olmadığını müşahidə etdikdən sonra meyiti xalçadan çıxararaq kanala atıb.
İstintaqla müəyyən edilib ki, Anar Mahmudov qətli törədəndən sonra meyiti xalçaya büküb. İbişovu öldürməklə qəzəbi soyumayan Mahmudov meyitin üzərinə sidik də ifraz edib.
Anar Mahmudov qətlə yetirdiyi şəxsin fermasında traktor sürücüsü olaraq işləyirmiş. Anarın sözlərinə görə, Yaşa İbişova bir müddət borcu olduğu üçün ondan asılı vəziyyətə düşüb. Sonra borcunu ödəyə bilib.
Hadisə baş verənə qədər münasibətlərinin normal olduğunu deyən Anar Mahmudov bildirib ki, mərhum tez-tez spirtli içki içərək ətrafındakı insanlarla mübahisə edir, işçilərini də döyürmüş:
“Arvadı ondan ayrılmışdı. Qardaşı ilə də dava edirdi. Tez-tez içki içirdi. Hadisə günü bizə gəldik. Çox içki içmişdi, amma yoldan iki dənə də pivə aldı. Evdə pivənin birini içdi. Bir az keçəndən sonra yoldaşım bizə çay gətirdi. Mən telefonla danışmaq üçün qapıdan çölə çıxdım. Telefonla danışanda gördüm ki, Yaşa dizlərini yerə qoyaraq divanda əyləşən yoldaşımı özünə tərəf dartır. Bunu görən kimi əsəbləşdim. Traktorun təmirində istifadə etdiyim dəmir aləti götürüb otağa gəldim. İçəri girəndə Yaşa yoldaşımın üstündə oturmuşdu. Onunla cinsi əlaqədə olmaq istəyirdi. Yaşanı arxaya çəkib “biz qardaşıq axı” dedim. Məni itələyib yenidən yoldaşımın üstünə hücum çəkdi. Yoldaşım otaqdan qaçanda Yaşanı bir dəfə vurdum. Üstümə hücum çəkəndə yenə vurdum. Neçə dəfə vurduğumu dəqiq olaraq xatırlamıram”.
Anar Mahmudov bildirib ki, qətli törədəndən sonra nə edəcəyini bilməyib: “Ağlıma ilk gələn meyiti gizlətmək oldu. Traktoru həyətə gətirib meyiti arxasına qoydum. Kanala atandan sonra evə qayıtdım. Yaşanın qardaşı, fermada işləyənlər soruşanda görmədiyimi deyirdim. Fermada və ətraf ərazilərdə Yaşanı axtarırdıq”.