Orenburqda Leninski Rayon Məhkəməsi Zaur Naxçıvanski kimi tanınan azərbaycanlı “qanuni oğru” Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib. O, sentyabr ayınadək istintaq təcridxanasında qalacaq.
Bu barədə iyulun 4-də rayon məhkəməsinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb. O, cinayətkar birlik təşkil etməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, cəzasını Rusiyada çəkəcək, çünki bu ölkənin vətəndaşıdır. Zaur Naxçıvanski məşhur kriminal avtoritet Hikmət Sabirabadlı ilə birgə qətlə yetirilən Bayram Talıbovun oğludur.
Daha bir azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif Bakinski) da Moskvada Rusiya miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. O, üç ay xüsusi müəssisədə qalacaq, bundan sonra Azərbaycana deportasiya olunacaq. REN TV-nin məlumatına görə, V.Süleymanov 3 ay Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin əcnəbi vətəndaşlar üçün müvəqqəti saxlanma təcridxanasında qalacaq.
Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur.