Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Maya Mustafayevanın cinayət işi üzrə araşdırmalar davam edir.
Maya Mustafayeva külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. İttihama görə o, 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu “ev satışı” adı ilə aldadıb və 17 min 500 manat pulunu alıb. Şəmşad Mikayılovun mətbuata verdiyi açıqlamaya görə Maya Mustafayeva onun pulunu alaraq Yasamal rayonu, MİDA(Mənzil İnşaatı Dövlət Agentliyi) 2 yaşayış kompleksi, bina 13, mənzil 43 ünvanına yerləşdirib. Hadisələrin gedişini danışan zərərçəkmiş deyir ki, Maya ilə onu iş yoldaşı Qələndərli Həzrət tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyib və Şəmşad Mikayılovu da bu sazişə inandırıb. Onlar birlikdə MİDA binalarından birindəki mənzilə baxıblar. Maya bildirib ki, evə 17 min manat ilkin ödəniş edib və həmin məbləği Şəmşaddan aldıqdan sonra sənədləri onun adına keçirəcəyini vəd edib. Əvvəlcə 4 min manat kart hesabına göndərilib. Daha sonra Maya qalan pulu tələb edib və əgər verilməzsə, həmin məbləğin də batacağını deyib. Bu təzyiqlər fonunda Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata satıb və Maya ilə notariusda görüşərək pulu ona təqdim edib. Amma vəd olunan kimi evin sənədləri təqdim olunmayıb.
Bütün bu müddət ərzində Maya Mikayılovu aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub. Üstəlik, Maya ondan əlavə 1500 manat da tələb edib və bu pulu da aldıqdan sonra onu mənzilə köçürüb. Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcuddur. Şəmşad Mikayılov hesab edir ki, Maya ona verdiyi pulun bir hissəsini ev sahibinə kirayə haqqı kimi ödəyib.