Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxsləri - Hikmət Vəlizadə və Vüqar Hüseynov yenidən hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi onları azadlığa burasa da Bakı Apellyasiya Məhkəməsi onlar barəsində həbs qərarı çıxarıb.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almaqda təqsirli bilinərək həbs edilmişdi.
İttihama görə, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə külli miqdarda rüşvət verilib. “Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib. Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən rüşvət alıb. Bundan sonra həmin küçədə “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb – avtomobillər üçün hərəkət birtərəfli olub.
“New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb.
İttihamda qeyd edilir ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib.
Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə araşdırma zamanı hər iki şəxsə rüşvət alma maddəsi ilə bəraət verilmişdi. Onlar dələduzluqda təqsirli bilinərək şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmışdılar.