Lənkəran Ağır Cinayətlər Məhkəməsində gənc qızı oğurlamaqda təqsirləndirilən Füzuli rayon sakinləri - Vasif Məmmədov, İlkin Ağayev və Elbrus Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az cinayət işi üzrə ittiham aktını təqdim edir.
Hadisə İmişli rayonunun Boşçalılar kəndində baş verib. Füzuli rayon sakini Vüsal Məmmədov Elbrus və İlkini çağıraraq onlarla birlikdə həmin kənddə yaşayan qaynının qızını özünün fiziki qüsurlu oğlu ilə evlənmək məqsədilə qaçırmaq istədiyini bildirib. O, həmin şəxslərə yalan məlumat verərək, guya qızı razı saldığını bildirib. Bu məqsədlə Elbrus və İlkin Vüsalın təklifi ilə razılaşıb və onlar Elbrusun avtomobili ilə İmişli rayonuna yollanıblar.
Vüsal qızın evdə tək olduğunu bilərək, həyətə daxil olub, qaynını səsləyib. Səsə qaynının qızı çıxıb və Vüsalla salamlaşıb. Vüsal qızı aldadaraq söhbət edə-edə avtomobilin yanına gətirib. O, dərhal avtomobilin qapısını açıb qızı zorla avtomobilin arxa oturacağına oturdub. Qızın bir tərəfində İlkin, digər tərəfində isə Vüsal əyləşərək onun qışqırmasının qarşısını almaq üçün ağzını bağlayıblar. Onlar qızı əvvəlcə Bakıya qaçırmaq istəsələr də, yolda avtomobilin yanağacı az olduğundan İlkin onlara Cəlilabada qayınanasının evinə getməyi təklif edib. Onlar avtomobilə yanacaq vurarkən qız qışqıraraq ətrafdakılardan kömək istəyib. Bu vaxt məntəqədə limon satan qadın avtomobilə yaxınlaşıb. Vasif isə qadına bildirib ki, qışqıran qaynının qızıdır və onu oğluna evlənmək üçün qaçırır.
Daha sonra onlar məntəqədən çıxıb Cəlilabad rayonuna - İlkinin qayınanasının evinə gediblər. Qadın əvvəlcə onları xoş qarşılasa da, qızın zorla gətirildiyini biləndən sonra İlkin, Elbrus və Asifi evdən çıxarıb və qızı atasının evinə qaytarmağı tələb edib. Onlar qadının əsəbiləşdiyini görüb, razılaşıb və qızı atasının evinə qaytaracağına söz verib evdən çıxıblar.