Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Pravda.az xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.
Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirib, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.